21.10.2019

“Birlikdə inkişaf edək” layihəsi uğurla həyata keçirilir

Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olan “Birlikdə inkişaf edək” layihəsi uğurla həyata keçirilir.

Gədəbəy rayon Qızılqaya kənd tam orta məktəbin tarix müəllimi Tural Topçuyevin rəhbəriyi ilə həyata keçirilən layihənin məqsədi evdə fərdi təhsilə cəlb olunan şagirdlərin müxtəlif yaradıcılıq işlərinə, aktivliklərə və ekskursiyaya cəlb olunması, psixoloqla görüş vasitəsilə, həmçinin öz həmyaşıdları ilə bir məkanda olmaqla cəmiyyətə inteqrasiya olması, müxtəlif bacarıqların inkişaf etməsi, yaradıcılıq sahələrinə meyl və maraqların formalaşmasıdır.

Gədəbəy rayon ümumtəhsil məktəblərində təhsil alan və fərdi təhsilə cəlb olunan şagirdlərin iştirakı ilə keçiirlən layihənin artıq 2 ayı geridə qalıb. Belə ki, 2 ay ərzində şagirdlərlə təlimçi tərəfindən "Özümü təqdim edirəm və tanıyıram", "İnkişafa gedən yol", "Bacarıqlı əllər", “10 il sonra özümü görürəm”, "Arzulamaq əngəl tanımır", “Motivasiya” və digər adda təlimlər keçirilib. Bundan başqa psixoloq tərəfindən "Valideynlərin uşaqlar üzərində davranışlarının düzgün formalaşdırılması" və “Liderlik” adlı görüşlər həyata keçirilib.

Layihənin növbəti yəni sonunca ayında isə Gədəbəy rayon Heydər Əliyev mərkəzinə ekskursiya, psixoloq tərəfindən "Qrup terapiyası" adlı görüş, şagirdlərin öz həmyaşıdları ilə eyni məkanda (sinif otağında) görüşlərinin təşkili, "Hər birimiz şagirdik"  və "Biz birlikdə güclüyük" adlı təlimlərin keçirilməsi nəzərdə tutulub. Layihənin bağlanışı isə şagirdlərin təqdimatı, hazırladıqları əl işlərinin sərgisinin göstərilməsi ilə yekunlaşacaq.


Açar sözlər: ,  ,