15.03.2018

“Ölkəmizi tanıyaq”-Gədəbəy rayon məktəbliləri Qəbələyə yollanıblar

        Martın 15-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gədəbəy rayonundan 40 nəfər IX-XI sinif şagirdi, 4 bələdçi müəllimin müşayiəti ilə Qəbələ şəhərinə yola düşüblər.

        Məktəblilər dörd gün ərzində Qəbələ ilə yanaşı, Şəki və Zaqatala rayonlarında tarixi abidələrlə, digər görməli yerlərlə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin səfər etdikləri bölgələrin müasir inkişaf səviyyəsi ilə də tanış olmalarına şərait yaradacaq.

        Tur-aksiya iştirakçıları müasir turizm infrastrukturuna malik olan Qəbələdə “Tufandağ” kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ tarix və mədəniyyət qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkəcəklər.

        Eyni zamanda məktəblilər “Şəki-İpək” kombinatında, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki xanlarının sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi ilə tanış olacaqlar.

        Zaqatalada isə şagirdlər müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər.

        Martın 18-də  məktəblilər geri qayıdacaq.


Açar sözlər: ,